20 Ekim 2014 Pazartesi


Böyük Azərbaycan şairi Xəlil Rza Ulutürkün doğum günüdür.

Bu gün xalq şairi Xəlil Rza Ulutürkün doğum günüdür. Xəlil Rza Ulutürk 1932-ci il oktyabrın 21-də Salyan rayonunun Pirəbbə kəndində anadan olub. 2 saylı Salyan şəhər orta məktəbində təhsil alıb. Şairin ilk mətbu şeiri “Kitab” 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində dərc olunub. Xəlil Rza Ulutürk 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub. 1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalı redaksiyasında başlayıb. O burada ədəbi işçi vəzifəsində çalışdığı iki ildə (1955-1957) dövri mətbuatda çap etdirdiyi məqalə və şeirlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb edib. 1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar İttifaqının üzvü seçilib. Onun ilk şeirlər toplusu – “Bahar gəlir” (1957) kitabı da nəşr olunub. 1959-cu ildə Xəlil Rza Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib. O, 1963-cü ildə “Müharibədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı (1945-1950)” mövzusunda yazdığı dissertasiyanı uğurla müdafiə edib. Filologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. 1984-cü ildə şairin “Ömürdən uzun gecələr” adlı kitabı nəşr edilib. Şair 1994-cü il iyunun 22-də vəfat edib. Xəlil Rza Ulutürk Fəxri xiyabanda dəfn olunub. Onun məzarı üstündə şairin əzəmətli heykəli yüksəldilib. Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) “İstiqlal” ordeni ilə təltif edilib.
 80-ci illərin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın bütün regionlarında eşidilirdi. O, bütün varlığı ilə, poeziyası ilə, amalı ilə yetişdirdiyi və zamanın hökmü ilə ortaya çıxan xalq hərəkatına qoşulmuşdu. Hər yerdə rus şovinist siyasətini, Dağlıq Qarabağ torpağına təcavüz edən erməni daşnaklarını odlu-alovlu çıxışları ilə ifşa edirdi.
Vətənpərvər böyük şair! Azərbaycan azadlığını varlığından üstün tutan ölməz sənətkar!Sənin qoyduğun iz azadlığa gedən cığırdır. Elə bir cığırdır ki,bu insanların ürəyindən keçir.Sənə olan sevgi də məhz bu yoldan keçir.Azərbaycan xalqı azadlıq carçısı bu böyük şairi həmişə qəlbində yaşadacaq.
Azadlığı istəmirəm
Zərrə-zərrə, qram-qram
Qolumdakı zəncirləri qıram gərək
Qıram! Qıram!
Azadlığı istəmirəm
Bir həb kimi, dərman kimi
İstəyirəm səma kimi,
Günəş kimi,
Cahan kimi:
Çəkil, çəkil ey qəsbkar:
Mən bu yurdun gur səsiyəm:
Gərək deyil sısqa bulaq,

Mən ümmanlar təşnəsiyəm.

Hiç yorum yok:

Yorum Gönder