Bədii mütaliə istənilən halda insanın mənəvi cəhətdən
kamilləşməsində xüsusi əhəmiyyətə malikdir. Bədii mütaliənin müsbət təsiri
yeniyetməlik dövründə daha da effektiv olur. Bu dövr insan yaddaşının ən həssas
dövrü olduğu üçün şagirdlər həmin imkandan maksimum şəkildə yararlanmalıdır.
Şagirdlərdə bədii zövqün formalaşması sinifdənxaric oxu və mütaliədən daha çox
asılıdır. Uşaq ədəbiyyatı və ümumiyyətlə, bədii ədəbiyyat, yaş dövründən asılı
olaraq, ardıcıl şəkildə mütaliə olunduqda daha effektiv olur.
Ölkəmizdə dövlətin diqqət və qayğısı sayəsində bu
istiqamətdə bir sıra mühüm işlər görülüb. Azərbaycan və dünya ədəbiyyatının
görkəmli nümayəndələrinin əsərləri kütləvi və çoxsaylı nəşr olunaraq
respublikanın bütün kitabxana şəbəkəsinə hədiyyə edilib. Bu nəşrlər sayəsində gənc
nəsil bədii və elmi ədəbiyyata ehtiyacını ödəməklə istifadə edə bilir. Lakin
bununla belə şagirdlərimizə, sinifdənxaric oxu üçün bir neçə dünya miqyaslı
yazıçıların əsərlərini tövsiyə edirik. Qeyd edək ki, həmin müəlliflərin əsərləri
Avropa - Amerika və ümumiyyətlə, dünyanın bir çox ölkələrinin orta məktəblərində
sinifdənxaric oxu kimi tövsiyə olunur və hətta müəyyən hallarda birbaşa dərsliklərə
daxil edilir. XX əsrin ən böyük ədəbiyyatçılarından biri, görkəmli ingilis
yazıçısı Ernest Seton Tompsonun "Seçilmiş əsərləri", əsasən də
"Balaca vəhşilər", "Mənim həyatım" romanları və bir çox
hekayələri, xüsusən 5-11-ci sinif şagirdləri üçün faydalı ola bilər. Dünyaca məşhur yazıçı, britaniyalı Lüis Kerrolun əsərləri isə əsasən ibtidai
siniflər üçün çox əhəmiyyətli hesab olunur. Onun "Alisa möcüzələr ölkəsində"
adlı əsəri xüsusən Avropa xalqlarına mənsub uşaqların çox sevdiyi əsərdir.

Müəllifi
olduğu bədii əsərlərlə dünyada diqqət çəkən digər yazıçılardan biri də alman ədibi
Erix Mariya Remarkdır. Yazıçının
dilimizə tərcümə edilən əsərlərindən "Zəfər tağı" və "Lissabon
gecəsi" romanlarını misal göstərmək olar. Digər ədib isə Cənubi Amerika ədəbiyyatının
istedadlı nümayəndəsi, Braziliya yazıçısı Jorj Amadudur. Bu yazıçının da bədii əsərləri
dünyada maraqla oxunur. Oxuculara təqdim olunan "Qum dəryasının
kapitanları", "Möcüzələr dükanı" romanları, "Zolaqlı Pişik
və Göy Qaranquş" povesti və "Piranyansda möcüzə" hekayəsi
yazıçının dünyaca məşhur əsərlərindəndir. Qeyd edək ki, adları sadalanan bütün əsərlər
dilimizə tərcümə olunub.
Sonda
bir daha əziz şagirdlərimizə haqqında məlumat verdiyimiz yazıçıların əsərlərini
sinifdənxaric oxu və mütaliə üçün tövsiyə edirik. Çünki həmin bədii əsərlər
hazırda dünyanın bir çox orta təhsil müəssisələrində mütaliə üçün tövsiyə
olunur.
Hiç yorum yok:
Yorum Gönder